Şadlıq sarayı toy etdiyinə görə cərimələndi.
- Sep 11
- 1 min read
Ölkəmizdə uşaq hüquqlarının qorunması sahəsində mühüm addımlar atılmaqdadır. Bu istiqamətdə qanunvericilikdə müəyyən edilmiş ciddi tədbirlər və inzibati məsuliyyət normaları tətbiq olunur. Son zamanlar baş verən bir hadisə isə bu mübarizənin effektiv və praktiki tətbiqinin nümunəsini təşkil edir.

Hadisə əsasən, bir şadlıq sarayında 32 yaşlı bəylə 17 yaşlı gəlin arasında baş tutmaq istənən erkən evlilik mərasiminin polis əməkdaşları tərəfindən dayandırılması ilə bağlıdır. Qanunla qadağan olunmuş bu tədbirin qarşısının alınması ilə təkcə valideynlər deyil, həm də mərasimə ev sahibliyi edən şadlıq sarayının sahibi qanuni məsuliyyətə cəlb edilmişdir.
Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-2.1-ci maddəsinə əsasən ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə;
• Fiziki şəxslər 1000-1500 manat,
• Vəzifəli şəxslər 3000-4000 manat,
• Hüquqi şəxslər isə 6000-9000 manat məbləğində cərimə oluna bilər.
Nəticədə, “mərasimə "göz yuman" şadlıq sarayının sahibi isə 1500 manat məbləğində inzibati cəriməyə məruz qalmışdır. Bu qərar, normanın tətbiq dairəsinin nə qədər geniş olduğunu nümayiş etdirir: məsuliyyət təkcə ailə ilə məhdudlaşmır, həm də belə qanunsuz əməllərə şərait yaradan və ya onlara kömək edən bütün fiziki və hüquqi şəxsləri əhatə edir.
_3x%20(1)_edited_edited.png)


