top of page

Hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeni hesabat öhdəliyi

  • Feb 17
  • 1 min read

2026-cı il 9 fevral tarixindən etibarən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklər hüquqi şəxslər üçün yeni hesabat öhdəliyinin tətbiqini nəzərdə tutur. Sözügedən dəyişikliklər hüquqi şəxslərin məlumatlarının aktuallığının təmin edilməsi və dövlət reyestrində şəffaflığın artırılması məqsədi daşıyır.

Qanuna edilmiş dəyişikliyə əsasən, hüquqi şəxslər hər təqvim ili başa çatdıqdan sonra bir ay müddətində hüquqi şəxsin məlumatlarında hər hansı dəyişikliklərin olub-olmaması barədə hesabat tərtib etməlidirlər. Bu hesabat hüquqi şəxsin təsis sənədlərində və dövlət qeydiyyatında əks olunmuş faktlarda dəyişikliklərin baş verib-verməməsini əhatə etməlidir.


Yeni tələblər kommersiya hüquqi şəxslərinə, habelə xarici kommersiya hüquqi şəxslərin Azərbaycan Respublikasında fəaliyyət göstərən nümayəndəlik və filiallarına şamil olunur. Qanuna əsasən, qeyd olunan subyektlər təqvim ili bitdikdən sonra növbəti ayın 31-dək müvafiq hesabatı Dövlət Vergi Xidmətinə kağız və ya elektron formada təqdim etməlidirlər.


Diqqətəlayiq məqam ondan ibarətdir ki, hesabat yalnız məlumatlarda dəyişiklik baş verdikdə deyil, heç bir dəyişiklik olmadıqda da təqdim edilməlidir. Bu isə hüquqi şəxslər üçün əlavə inzibati öhdəlik formalaşdırmaqla yanaşı, dövlət reyestrində məlumatların daim yenilənmiş və dəqiq saxlanılmasına xidmət edir.


Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, hesabatın forması və təqdim edilmə qaydası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən ediləcəkdir. Hazırda həmin forma təsdiq olunmadığından, hüquqi şəxslərə normativ aktların və rəsmi açıqlamaların diqqətlə izlənilməsi tövsiyə olunur.


Nəticə etibarilə, sözügedən dəyişiklik hüquqi şəxslərin fəaliyyətində məsuliyyətin artırılmasına, dövlət qeydiyyatı məlumatlarının sistemli şəkildə yenilənməsinə və hüquqi dövriyyədə etibarlılığın gücləndirilməsinə yönəlmiş mühüm hüquqi yenilik kimi qiymətləndirilə bilər.

 
 
bottom of page