Ali Məhkəmənin müddətli əmək müqaviləsi ilə bağlı mövqeyi
- Jul 6
- 1 min read

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı mühüm hüquqi mövqe formalaşdırıb. Qərar əmək münasibətlərində işçilərin hüquqlarının müdafiəsi və əmək müqavilələrinin düzgün tətbiqi baxımından əhəmiyyətli presedent kimi qiymətləndirilə bilər.
Mübahisə uzun illər müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin sonradan 3 aylıq müddətli əmək müqaviləsinə keçirilməsi və həmin müddət başa çatdıqdan sonra əmək münasibətlərinə xitam verilməsi ilə bağlı olub. 1ci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Apellyasiya instansiyası isə işçinin iddiasını təmin etmişdir. Ali Məhkəmə isə bu qərarı qüvvədə saxlayaraq vurğulayıb ki, daimi xarakter daşıyan əmək funksiyaları üzrə əmək münasibətləri əsasən müddətsiz əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir.
Məhkəmə qeyd edib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsi yalnız qanunla müəyyən edilmiş istisna hallarda müddətli əmək müqaviləsinin bağlanmasına imkan verir. İşin və ya xidmətin daimi xarakter daşıdığı hallarda isə müddətli müqavilənin tətbiqi hüquqi əsaslarla və obyektiv zərurətlə əsaslandırılmalıdır.
Ali Məhkəmə həmçinin "qarşılıqlı razılıq" anlayışının formal deyil, tərəflərin sərbəst və bərabər iradə ifadəsinə əsaslanmalı olduğunu vurğulayıb. İşəgötürənin üstün mövqedə olduğu əmək münasibətlərində işçinin müddətli müqaviləyə razılığı avtomatik olaraq könüllü iradənin göstəricisi hesab edilə bilməz.
_3x%20(1)_edited_edited.png)


