top of page

Yetkinlik yaşına çatmayanların cinsi istismarı və cinayətkar fəaliyyətə cəlb edilməsi: Azərbaycan cinayət-hüquqi normalarının Epstein hadisələri fonunda təhlili

  • Feb 25
  • 3 min read

Jeffrey Epstein ilə bağlı faktlar yetkinlik yaşına çatmayanların cinsi istismarı, fahişəliyə və pornoqrafiyaya cəlb edilməsi, habelə bu proseslərin mütəşəkkil və sistemli xarakter daşıması baxımından beynəlxalq hüquq ictimaiyyətində ciddi rezonans doğurmuşdur. Bu hadisələr göstərdi ki, uşaqların cinsi toxunulmazlığına qarşı yönəlmiş cinayətlər təkcə fərdi deyil, çox vaxt təşkilatlanmış, maddi maraqlarla müşayiət olunan və sosial nəzarət mexanizmlərindən yayınan ağır hüquq pozuntularıdır.

Azərbaycan Respublikasının cinayət və inzibati qanunvericiliyi bu tip əməllərin qarşısının alınması və cəzalandırılması məqsədilə kompleks hüquqi mexanizmlər nəzərdə tutur.

Bəs eyni əməlləriAzərbaycan Respublikası qanunvericiliyində necə qiymətləndirilir və hansı cəzalar tətbiq edilir?


Yetkinlik yaşına çatmayanın cinayətkar fəaliyyətə cəlb edilməsi (CM, maddə 170)

CM-nin 170-ci maddəsi yetkinlik yaşına çatmayanların müxtəlif vasitələrlə cinayətkar fəaliyyətə cəlb edilməsini cinayət hesab edir:

•170.1-ci maddə – 18 yaşına çatmış şəxsin yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə və ya hədə-qorxu ilə cinayətə cəlb etməsi

Sanksiya: 3 ilədək azadlıqdan məhrumetmə


•170.2-ci maddə – eyni əməlin tərbiyə və nəzarət vəzifəsi daşıyan şəxs tərəfindən törədilməsi

Sanksiya: 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə


•170.3-cü maddə – zor tətbiq etməklə, zor hədəsi ilə, cinayətkar qrupa və ya ağır/xüsusilə ağır cinayətə cəlb etmə

Sanksiya: 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə


Epstein işi kontekstində yetkinlik yaşına çatmayanların sistemli şəkildə cinsi xarakterli cinayətlərə cəlb edilməsi, onları bu prosesə hazırlayan və yönləndirən şəxslərin mövcudluğu məhz bu maddənin hüquqi mahiyyətini əyani şəkildə ortaya qoyur.


Yetkinlik yaşına çatmayanların fahişəliyə və pornoqrafiyaya cəlb edilməsi (CM, maddə 171)

CM-nin 171-ci maddəsi uşaqların əxlaqsız fəaliyyətə cəlb edilməsini ağır cinayət kimi təsbit edir:

•171.1-ci maddə – yetkinlik yaşına çatmayanın fahişəliyə, pornoqrafiya tamaşalarına və ya digər əxlaqsız əməllərə cəlb edilməsi

Sanksiya:

3 ilədək vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə + 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə


•171.2-ci maddə – əməlin zor tətbiqi, mütəşəkkil dəstə, valideyn və ya nəzarət vəzifəsi daşıyan şəxs tərəfindən, habelə 16 yaşına çatmayan şəxs barəsində törədilməsi

Sanksiya:

3 ilədək hüquqdan məhrumetmə + 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə

Epstein hadisəsində məhz bu maddənin predmeti olan əməllər — azyaşlıların pulla cəlb edilməsi, zor və psixoloji asılılıq mexanizmləri — beynəlxalq cinayət hüququ baxımından tipik nümunədir.


Uşaq pornoqrafiyasının dövriyyəsi (CM, maddə 171-1)

CM-nin 171-1-ci maddəsi uşaq pornoqrafiyasının bütün dövriyyə mərhələlərini kriminalizasiya edir:

•171-1.1-ci maddə – yayma, reklam, satma, saxlama və s.

Sanksiya:

8 000 – 10 000 manat cərimə və ya 5 ilədək azadlıqdan məhrumetmə


•171-1.2-ci maddə – təkrar törədildikdə, mütəşəkkil dəstə, xeyli gəlir əldə etməklə, valideyn və ya nəzarətçi şəxs tərəfindən, 14 yaşına çatmayan barəsində törədildikdə

Sanksiya:

3 ilədək hüquqdan məhrumetmə + 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə

Epstein dosyelərində foto və video materialların mövcudluğu ilə bağlı iddialar bu maddənin beynəlxalq müstəvidə aktuallığını bir daha təsdiq edir.


Seksual məqsədlərlə uşaqların təqib edilməsi (CM, maddə 171-2)

Bu maddə müasir texnologiyalar vasitəsilə uşaqlara yaxınlaşmanı cinayət kimi müəyyən edir:

•Sanksiya:

3 ilədək azadlığın məhdudlaşdırılması və ya 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə

Epstein hadisələri göstərir ki, ilkin əlaqə mərhələsi çox vaxt məhz bu cür “təqib” formaları ilə başlayır.


Uşaqların dəyişdirilməsi (CM, maddə 172)

•Sanksiya:

3 ilədək hüquqdan məhrumetmə + 3 ilədək azadlıqdan məhrumetmə

Bu norma uşaqlar üzərində hər hansı qanunsuz manipulyasiyanın qəti qadağan edildiyini göstərir.


İnzibati məsuliyyət tədbirləri (İXM)

İXM yetkinlik yaşına çatmayanların zərərli vərdişlərə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutur:

•İXM 212.3 – tütün məmulatına cəlb etmə

Cərimə: 100 manat


•İXM 455.2 – alkoqol, energetik içkilər və tütünün yetkinlik yaşına çatmayanlara satılması

Cərimə: 100 manat


Bu inzibati normalar cinayət davranışına aparan ilkin mərhələlərin qarşısının alınmasına yönəlmişdir.


Azərbaycan Respublikasının CM və İXM normaları yetkinlik yaşına çatmayanların cinsi istismarı, cinayətkar fəaliyyətə və əxlaqsız əməllərə cəlb edilməsi ilə bağlı Epstein hadisələri kimi ağır faktları tam əhatə edən hüquqi çərçivə yaradır. Bu normalar göstərir ki, belə əməllər nə status, nə maddi imkan, nə də beynəlxalq əlaqələrlə əsaslandırıla bilər və hüquqi baxımdan qaçılmaz cəzalandırılmalıdır.

 
 
bottom of page