Sertifikasiya şəhadətnaməsi olmadan tibbi fəaliyyət göstərməyin cəzası nədir?
- 1 day ago
- 1 min read
Səhiyyə Nazirliyi tərəfindən “Referans” klinikasının Əhmədli filialında aparılmış plandankənar yoxlama zamanı sertifikatsız rentgenoloji fəaliyyətin həyata keçirilməsi aşkar edilmiş və bu fakt üzrə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən klinika 6 000 manat məbləğində cərimə edilmişdir.

İXM-nin 215.4-cü maddəsinə əsasən, ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər isə altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Qeyd edilməlidir ki, “Referans” klinikasına tətbiq olunan 6 000 manat cərimə maddədə nəzərdə tutulmuş minimum hədd olmaqla, məhkəmə tərəfindən sanksiyanın fərdiləşdirilməsi prinsipinə uyğun olaraq müəyyən edilmişdir.
Qanunvericiliyə görə, tibb mütəxəssislərinin sertifikasiyası praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin, habelə azı 5 il fasiləsiz olaraq ixtisası üzrə işləməmiş tibb mütəxəssislərinin peşə bilik və bacarıqlarının qorunması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların davamlı peşəkar inkişafının qiymətləndirilməsi və ya 5 ildən bir sertifikasiya imtahanından keçməsini nəzərdə tutur.
Bu tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 26 noyabr tarixli 344 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”na əsaslanır.
Sözügedən qərar bir daha təsdiq edir ki, sertifikasiya tibbi fəaliyyət üçün formal şərt deyil, praktik fəaliyyətin qanuniliyini və təhlükəsizliyini təmin edən əsas hüquqi mexanizmdir.
_3x%20(1)_edited_edited.png)


