Siqaret kötüyünü yerə atdınız? Sizi nə gözləyir?
- Apr 2
- 1 min read
Tütün məmulatlarının tullantılarının ətraf mühitə atılması ilə bağlı cərimələrin artırılması və tətbiqi halları vətəndaşların hüquqi məlumatlılığını artırmağı zəruri edir. Qanunvericiliyə əsasən, bu cür hallara görə inzibati məsuliyyət nəzərdə tutulub və müəyyən hallarda cərimələr tətbiq edilir.

İnzibati Xətal Məcəlləsinin 212.4-cü maddəsinin tələblərinə görə, tütün məmulatlarının tullantılarının (məsələn, siqaret kötüyünün) ətraf mühitə (küçələrə, ictimai yerlərə və digər qeyri-müəyyən ərazilərə) atılması inzibati xəta hesab olunur və aşağıdakı sanksiyalar tətbiq edilir:
•300 manat cərimə
•Eyni əməl bir il ərzində təkrar törədildikdə, 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.
Bundan əvvəl bu cərimə cəmi 50 manat idi, amma son dəyişikliklərlə məbləğ artırılıb. Bir çox insan bu yenilikdən xəbərsiz olduğu üçün gözlənilmədən yüksək məbləğ ödəməli olur. Lakin qanunları bilməmək məsuliyyətdən azad etmir!
Bu səbəbdən, hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar vətəndaşları maarifləndirməli və cərimələrin qarşısını almaq üçün təbliğat işləri aparmalıdır. Eyni zamanda, cəza tədbirləri ədalətli və qanunun prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir.
Siqaret kötüyünü zibil qutusuna atmaqla həm cərimədən, həm də ətraf mühiti çirkləndirməkdən qoruna bilərsiniz!