top of page

“Reklam haqqında” Qanuna edilən dəyişikliklər: İnfluencer-lərin hüquqi məsuliyyəti

  • Jun 2
  • 3 min read

2025-ci il 22 may tarixində “Reklam haqqında”  Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Prezident tərəfindən təsdiq edilmişdir. Bu dəyişikliklər, xüsusilə rəqəmsal platformalarda reklam fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin – digər adı ilə influencer-lərin hüquqi tənzimlənməsini nəzərdə tutur. Qanunvericiliyin bu istiqamətdə yenilənməsi reklam bazarının müasir texnologiyalara və rəqəmsal medianın real təsir gücünə uyğunlaşdırılması baxımından əhəmiyyətlidir.



ree

Qanuna əlavə edilmiş yeni anlayışlara əsasən:

·  reklam daşıyıcısı olan rəqəmsal platforma – reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı (dövlət informasiya ehtiyatları istisna olmaqla), informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri

· rəqəmsal platforma təsirçisi – maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs


Bu anlayışlar hüquqi müstəvidə blogerlərin, yutuberlərin və digər sosial media təsirçilərinin fəaliyyətinin açıq şəkildə reklam fəaliyyəti kimi qiymətləndirilməsinə şərait yaradır.


Qanunda edilən dəyişikliklərə əsasən, reklam olunan məhsul və ya xidmətlərin sertifikatlaşdırılması və ya lisenziyalaşdırılması tələb olunursa, yalnız müvafiq təsdiqedici sənədlər olduqda reklam edilə bilər. Belə hallarda reklamda aşağıdakı məlumatların göstərilməsi icbari xarakter daşıyır:

·  Lisenziya və ya sertifikatın nömrəsi;

· Verilmə tarixi;

· Verən orqanın adı.

Əgər reklam daşıyıcısının texniki xüsusiyyətlərinə görə bu məlumatların birbaşa göstərilməsi mümkün deyilsə, reklamda müvafiq sənədin mövcudluğu barədə məlumat verilməli və istehlakçıya bu məlumatlarla tanış olmaq imkanı yaradılmalıdır (məsələn, keçid vasitəsilə).


Yeni tələblərə əsasən, rəqəmsal platforma təsirçisi aşağıdakı hüquqi öhdəliklərə riayət etməlidir:

· Reklam yayımı “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi ilə müşayiət olunmalıdır.

· Əgər təqdim edilən reklam materialları audio və ya vizual manipulyasiya ilə dəyişdirilirsə, bu barədə istehlakçı açıq şəkildə məlumatlandırılmalıdır.

· Reklamda reklamverici barədə aşağıdakı məlumatlar göstərilməlidir:

Hüquqi şəxs üçün:

  • Hüquqi şəxsin adı;

  • Faktiki ünvanı;

  • VÖEN-i;

  • Əlaqə vasitələri (telefon/e-poçt).

Fiziki şəxs (sahibkar) üçün:

  • Soyad, ad, ata adı;

  • Fəaliyyət ünvanı;

  • VÖEN;

  • Əlaqə vasitələri.


Bundan əlavə, rəqəmsal platforma təsirçisinə aşağıdakılar qadağandır:

· Özünün istifadə etmədiyi məhsulu istifadə etmiş kimi təqdim etmək;

· Reklam məqsədi ilə saxta profillər yaratmaq;

· Gizli reklam yaymaq (yəni reklam xarakteri daşıyan məlumatı “reklam” qeydini göstərmədən təqdim etmək).


Qanunvericiliyə əsasən, reklam fəaliyyətinə dövlət nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Nəzarət fəaliyyəti mütəmadi monitorinqlər və daxil olmuş müraciətlər əsasında aparılır.


Nəzarət tədbirləri zamanı aşağıdakı hallara yol verildiyi aşkar edilərsə, hüquqi məsuliyyət tədbirləri tətbiq oluna bilər:

· Reklamı qadağan edilmiş məhsul və xidmətlərin təbliği;

· Qanunun tələb etdiyi etik və texniki normalara əməl edilməməsi;

· Reklamın həqiqətə uyğun olmaması və ya istehlakçını aldatması.


Mövcud qanunvericilikdə belə hallara görə inzibati məsuliyyət, o cümlədən reklamın yayımının dayandırılması və icrası məcburi olan göstərişlərin verilməsi nəzərdə tutula bilər. Məsələn, İnzibati Xətalar Məcəlləsinin 381.6-cı maddəsinin tələblərinə əsasən Audiovizual media, çap mediası və onlayn media subyektləri tərəfindən reklam və sponsorluqla bağlı “Media haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə riayət edilməməsinə görə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.


Əhəmiyyətli məqam odur ki, “Reklam haqqında” Qanuna edilən bu dəyişikliklər vergi şəffaflığının təmin olunması və qeyri-rəsmi gəlir əldə edən təsirçilərin müəyyənləşdirilərək vergi qeydiyyatına alınması baxımından da mühüm addımdır. Təsirçilərin hüquqi statusunun və reklam fəaliyyətlərinin açıq şəkildə tənzimlənməsi, onların vergi orqanları tərəfindən izlənilməsini və gəlirlərinin uçotunu asanlaşdırır. Beləliklə, bu dəyişikliklər vergi bazasının genişləndirilməsinə, kölgə iqtisadiyyatının azaldılmasına və vergi daxilolmalarının artmasına birbaşa töhfə verəcəkdir. Bu yanaşma eyni zamanda vergi nəzarət orqanlarına rəqəmsal platformalarda gəlir əldə edən subyektləri daha effektiv monitorinq və audit imkanları ilə izləməyə imkan verir. Bu isə dövlətin fiskal siyasətinin icrasında mühüm rol oynayacaqdır.


Sosial media və rəqəmsal platformaların geniş vüsət aldığı bir dövrdə təsirçilərin reklam fəaliyyətinə hüquqi çərçivənin tətbiqi həm istehlakçı hüquqlarının qorunması, həm də reklam bazarının şəffaflaşdırılması baxımından zəruri idi. Qanunvericiliyə edilmiş bu dəyişikliklər rəqəmsal platforma təsirçiləri üçün yeni məsuliyyətlər doğurmaqla yanaşı, onların fəaliyyətini rəsmi və hüquqi bir kontekstdə cəmiyyətə təqdim etməyə imkan verir.

 
 
bottom of page