Qanunsuz qumarın cəzası və hüquqi aspektləri
- Feb 10
- 2 min read
Son dövrlərdə ölkəmizdə qanunsuz qumar oyunlarına qarşı mübarizə gücləndirilib. Şamaxı rayonunda kafelərdən birində qeyri-qanuni qumar oyunlarının təşkil edildiyinin aşkarlanıb və bununla əlaqədar araşdırma başlanılıb. HAB (Hüquq Araşdırma Bürosu) olaraq qanunvericiliyimizdə qanunsuz qumarla necə mübarizə aparıldığına nəzər salacağıq.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. Qanunsuz qumar oyunlarının təşkili və ya keçirilməsi cinayət məsuliyyətinə, oynanılması isə inzibati məsuliyyətə səbəb olur.
Cinayət Məcəlləsinin (CM) 244-1.maddəsinə əsasən Qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama işin hallarından asılı olaraq beş min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə və ya üç ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İnzibati Xətalar Məcəlləsinin (İXM) 401.maddəsinə əsasən isə
· Azərbaycan Respublikasının ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə – fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.
· Qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (və ya) satışına görə – fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.
· Qumar oyunlarında iştirak üçün mərclərin qəbul edilməsi, pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürmələrin aparılması, uduşların ödənilməsi, uduşların, mükafatların və ya digər gəlirin verilməsi, bunların təşkili və bunlarla əlaqədar xidmətlərin göstərilməsinə görə – fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.
· Qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışı ilə, qumar oyunlarında iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrasına (aparılmasına) görə – fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.
Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə məsuliyyət isə İXM 525-ci maddə ilə tənzimlənir. Belə ki, bu əmələ görə qumar oyununda iştirak edən şəxs oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir.
Qanunsuz qumar oyunları cəmiyyətə mənfi təsir göstərir və fərdlərin maddi və sosial problemlərlə üzləşməsinə səbəb olur. Bu səbəbdən, hüquq-mühafizə orqanlarının bu halların qarşısını almaq üçün gördüyü tədbirlər vacibdir. Hər bir vətəndaş qanunlara əməl etməli və cəmiyyətin təhlükəsizliyini qorumaq üçün belə fəaliyyətlərdən uzaq durmalıdır.
Müəllif:
HAB-ın üzvü Leyla Təhməzova