Qadınların əmək hüquqlarının pozulması: statistik mənzərə və hüquqi çərçivə
- 5 days ago
- 3 min read
2025-ci ilin iyun ayında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin keçirilən iclasında qadınların əmək hüquqlarının pozulması ilə bağlı mühüm statistik məlumatlar açıqlanıb. İclasda təqdim olunan illik hesabata əsasən, Dövlət Əmək Müfəttişliyi Xidmətinə ümumilikdə 27004 müraciət daxil olub. Bu müraciətlərin 8525-i (31.5%) qadınlar, 18479-u (68.5%) isə kişilər tərəfindən edilib.

Məlumatda qeyd olunub ki, qadınların əmək hüquqlarının pozulması ilə bağlı 731 fakt üzrə işəgötürənlərə ümumilikdə 1 milyon 111 min 350 manat məbləğində inzibati cərimələr tətbiq olunub. Bu rəqəmlər ölkədə qadınların əmək hüquqlarının qorunması sahəsində mövcud problemləri bir daha gündəmə gətirir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi qadınlara münasibətdə bir sıra xüsusi hüquqi təminatlar nəzərdə tutur. Aşağıda qadınların əmək hüquqlarının tez-tez pozula biləcəyi hallar və bu hallarla bağlı müvafiq maddələrə nəzər salaq:
• Hamilə və azyaşlı uşağı olan qadınların məzuniyyət hüquqları
Əmək Məcəlləsinin 125-ci maddəsi, hamilə qadınların və doğuşdan sonra qadınların məzuniyyət hüququnu qoruyur. Bu maddəyə əsasən, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.Həmçinin qadının işlədiyi sahədən, doğulan uşaq sayından və doğuşun ağırlığından asılı olaraq arta bilər.
• Gecə növbəsi və ağır işlərə cəlb etmə qadağası
Əmək Məcəlləsinin 242-ci maddəsi, hamilə qadınların və azyaşlı uşaqları olan qadınların gecə növbəsinə, ezamiyyətlərə və ağır əmək şəraitinə cəlb olunmasını tənzimləyir. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir. Bu tələblər 14 yaşınadək uşağı, həmçinin əlilliyi olan uşağı övladlığa götürən qadınlara da şamil edilir.
• Əmək müqaviləsinin qanunsuz ləğvindən müdafiə
Əmək Məcəlləsinin 79-cu maddəsində qeyd olunur ki, işəgötürən hamilə və ya üç yaşınadək uşağı olan qadınla əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv edə bilməz. Bu norma qadının fiziki vəziyyətini və uşağa göstərdiyi qayğını nəzərə alaraq, daha az iş saatı ilə işləməsinə imkan yaradır.
• Uşağın yedizdirilməsi üçün əlavə fasilələr
Əmək Məcəlləsinin 244-cü maddəsinə əsasən, yaş yarımına qədər uşağı olan qadınlara uşaqlarını yedizdirmək üçün hər 3 saatdan bir, azı 30 dəqiqəlik əlavə fasilələr verilməlidir. Əgər qadının iki və ya daha artıq uşağı varsa, bu fasilənin müddəti azı 1 saat olmalıdır. Bu fasilələr qadının iş vaxtına daxil edilir və əmək haqqı saxlanılır. Eyni zamanda, qadın istəsə, bu fasilələri birləşdirərək iş gününün əvvəlində və ya sonunda istifadə edə bilər. Belə olan halda, qadının iş günü bu fasilələr qədər azaldılır.
• Natamam iş vaxtı və həkim müayinələrinə şərait yaradılması
Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, hamilə qadınların, 14 yaşına çatmamış və ya əlilliyi olan uşağı olan qadınların, eləcə də tibbi rəyə əsasən xəstə ailə üzvünə baxan qadınların istəyi ilə işəgötürən onlara natamam iş günü və ya həftəsi müəyyən etməlidir. Bu halda əməkhaqqı işlədikləri vaxta uyğun ödənilir. Bundan əlavə, hamilə və ya 3 yaşınadək uşağı olan qadınlar həkim müayinəsinə getdikləri günlərdə də əməkhaqqı alırlar və işəgötürən bu müayinələrin keçirilməsi üçün lazım olan şəraiti yaratmağa borcludur.
Statistik məlumatlar göstərir ki, qadınlar əmək münasibətlərində hələ də sistemli diskriminasiyaya məruz qala bilirlər. Bu pozuntuların əsas səbəbləri arasında maariflənmənin zəifliyi, işəgötürənlərin hüquqi məsuliyyət anlayışının aşağı səviyyədə olması və hüquqi müdafiə mexanizmlərinin qadınlar üçün tam əlçatan olmaması dayanır.
Qadınların əmək hüquqlarının qorunması həm insan hüquqlarının, həm də sosial ədalətin tərkib hissəsidir. Dövlət qurumlarının bu sahədəki fəaliyyəti vacib olsa da, ictimai nəzarət, hüquqi bilik və vətəndaş cəsarəti də bu mübarizədə önəmli yer tutur. Hüququ pozulan qadınların səsini eşitdirmək və onlara hüquqi dəstək vermək, cəmiyyətin birgə vəzifəsidir