Nikahdan əvvəl qohumluq yoxlanılacaq: Ailə Məcəlləsinə yeni dəyişiklik qüvvəyə minir
- Jul 1
- 1 min read
Bu gündən etibarən nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqələrinin olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılacaq. Bu barədə Ədliyyə Nazirliyi rəsmi məlumat yayıb.
Yeni hüquqi yanaşma Ailə Məcəlləsinin 12-ci maddəsinə edilən mühüm dəyişikliyə əsaslanır. Dəyişikliyə görə, artıq bir sıra bioloji yaxın qohumlar arasında nikahın bağlanması qanunla qadağan edilir. Qanunverici təşəbbüsün əsas məqsədi genetika və sağlamlıqla bağlı risklərin qarşısının alınması, həmçinin ailə institutunun hüquqi və mənəvi cəhətdən möhkəmləndirilməsidir.

Ədliyyə Nazirliyinin məlumatına görə, nikahı rəsmiləşdirən orqan – yəni qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəsi – nikaha daxil olmaq istəyən şəxslərin qohum olub-olmadığını Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlayacaq.
Əgər informasiya sistemində bu məlumatlar yer almırsa, həmin şəxslərdən və onların valideynlərindən doğum haqqında şəhadətnamələrin surəti tələb olunacaq. Bu sənədlər nikah ərizəsinə əlavə olunmalıdır.
Əlavə olaraq bildirilib ki, sənədlər təqdim edilmədikdə və ya sistem məlumat vermədikdə, qohumluq əlaqəsinin müəyyənləşdirilməsi üçün əlavə sənədlər də istənilə bilər.
Əgər yoxlama nəticəsində yuxarıda sadalanan bioloji qohumluq əlaqələrindən biri müəyyən edilərsə, həmin nikahın qeydə alınmasından imtina ediləcək.
Bu dəyişiklik həm hüquqi, həm də sosial cəhətdən ciddi əhəmiyyət kəsb edir. Qanunvericinin əsas məqsədi ailədaxili bioloji yaxınlıqlar arasında nikahların qarşısını almaqla gələcəkdə doğulacaq uşaqlarda irsi xəstəliklərin yaranma riskini azaltmaqdır. Eyni zamanda, ailə institutunun mənəvi dəyərləri qorunur və ictimai rifah artırılır.
Qeyd edək ki, bu cür hüquqi tədbirlər bir sıra Avropa ölkələrində və beynəlxalq praktikada da mövcuddur.
_3x%20(1)_edited_edited.png)


