KRİPTOVALYUTALARIN VERGİLƏNDİRİLMƏSİ: AZƏRBAYCANDA HÜQUQİ ÇƏRÇİVƏ VƏ QLOBAL TƏCRÜBƏNİN TƏTBİQİ
- May 23
- 3 min read
Son illərdə kriptovalyutalar dünya maliyyə sistemində sürətlə yayılan və ənənəvi yanaşmaları dəyişdirən bir alətə çevrilib. Bu rəqəmsal valyutalar – məsələn, Bitcoin və Ethereum – artıq sadəcə texnoloji maraq doğurmur, real gəlir mənbəyi və investisiya vasitəsi kimi milyonlarla insan tərəfindən istifadə olunur. Lakin bu sürətli inkişaf vergi orqanları və dövlətlər üçün bir sıra suallar yaradır: Bu gəlirlər necə izlənilməlidir? Kriptovalyutalardan əldə olunan qazanc necə və nə qədər vergiyə cəlb olunmalıdır?
HAB (Hüquq Araşdırma Bürosu) olaraq bu məqalədə, həm ölkəmizin vəziyyəti, həm də digər ölkələrin təcrübələri əsasında kriptovalyutaların necə vergiyə cəlb olunduğunu sadə və başa düşülən formada izah edəcəyik.

Əvvəlcə kriptovalyuta nədir buna nəzər salaq. Kriptovalyuta – internet üzərindən işləyən rəqəmsal pul növüdür. Ən tanınmış nümunələr Bitcoin və Ethereum-dur. Bu pulları heç bir dövlət və ya mərkəzi banka aid deyil, onlar xüsusi “blockchain” adlı texnologiya ilə işləyir. Yəni bu pulların arxasında hökumət yox, proqram təminatı və internet texnologiyası dayanır. İnsanlar kriptovalyutanı bir neçə məqsədlə istifadə edir:
Alış-veriş üçün (bəzi ölkələrdə bəzi mağazalar kriptovalyutanı qəbul edir),
İnvestisya və qazanc əldə etmək üçün (ucuz alıb baha satmaq),
Yeni maliyyə texnologiyaları – məsələn, DeFi layihələri kimi sistemlərdə iştirak üçün.
Kriptovalyutalar həm də inkişaf etmiş ölkələrdə maliyyə texnologiyalarının əsas hərəkətverici qüvvəsinə çevrilib. Bəs haradan, necə ala bilərik kriptovalyutanı? Bunun üçün aşağıdakı addımları izləyə bilərsiniz:
1. Hesab açırsan
Əvvəlcə telefonuna ya da kompüterinə “Binance”, “Coinbase” kimi bir proqram yükləyirsən.
2.Pul qoyursan
Sonra həmin proqramda öz hesabına kartla pul yükləyirsən.
3.Kriptovalyuta alırsan
Yüklədiyin pulla Bitcoin, Ethereum kimi kripto pullardan ala bilərsən.
4.Saxlayırsan
Aldığın kripto pul sənin hesabında qalır. İstəsən onu başqa yerdə – xüsusi “pul qabı” proqramlarında da saxlaya bilərsən.
5. Satmaq istəsən
Pul bahalaşanda satırsan. Məsələn, 100 manata aldığın Bitcoin 150 manat olur, satırsan və qazanc götürürsən. Yenə həmin proqramda satıb pulunu karta çıxara bilərsən.
Məlumunuz olduğu üzrə dövlətlərin əsas gəlir mənbələrindən biri vergilərdir. İnsanlar kriptovalyutadan qazanc əldə etdikcə, bu gəlirlər də təbii olaraq vergiyə cəlb olunmalıdır. Əks halda, vergi bərabərliyi pozular və digər gəlir mənbələri üzrə ödəyicilər üçün ədalətsiz vəziyyət yaranar. Həmçinin dövlətlər büdcə gəlirlərini xüsusən bu sahədə aktiv olan insanlardan vergi yığmaqla təmin edirlər.
Bəs dünya ölkələri bu səhədə nə kimi addımlar atırlar? Bir sıra ölkələr artıq kriptovalyutaları vergiyə cəlb edir.Dünya təcrübəsinə nəzər salaq:
ABŞ – kriptovalyutanı "əmlak" kimi qiymətləndirir və əldə olunan gəlirləri vergiyə cəlb edir.
Fransa – 305 avrodan yuxarı olan kripto qazancına 30% sabit vergi tətbiq olunur.
Yaponiya – kripto qazancı "digər gəlir" kimi qəbul olunur və mərhələli vergi ilə ödənilir.
El Salvador – kriptovalyutanı rəsmi pul vahidi kimi qəbul edib və vergi tətbiq etmir.
Bu müxtəlif yanaşmalar göstərir ki, hər ölkə öz şəraitinə uyğun tənzimləmə seçir.
Ölkəmizdə vəziyyət necədir? Hazırda Azərbaycanda kriptovalyutalarla bağlı xüsusi bir qanun yoxdur. Yəni kriptovalyutalar nə qadağandır, nə də rəsmi pul vahidi sayılır. Amma bu, onların tam tənzimlənmədiyi anlamına gəlmir. Əgər bir şəxs kriptovalyutadan qazanc əldə edirsə, o gəlir ümumi gəlir vergisinə cəlb olunur:
Fiziki şəxslər üçün – Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən qazancdan 14%-dən 25%-ə qədər gəlir vergisi tutulur.
Hüquqi şəxslər üçün – kripto ilə bağlı fəaliyyətlər Vergi Məcəlləsinin 103-cü maddəsinə əsasən (məsələn, mining, ticarət, xidmətlər) üzrə 20% mənfəət vergisi tətbiq olunur.
Ölkəmiz də bu sahəni tənzimləməyə hazırlaşır. Bunun üçün əvvəlcə Kriptovalyutanın nə olduğu – pul, əmlak yoxsa investisiya aləti kimi – qanunvericilikdə aydın şəkildə müəyyən edilməlidir. Kripto birjaları və elektron pul kisəsi xidmətləri dövlət qeydiyyatına alınmalı və rəsmi icazə əsasında fəaliyyət göstərməlidirlər. Bu sahədə fəaliyyət göstərən şirkətlər istifadəçilərin şəxsiyyətini yoxlamalı, əməliyyatları izləməli və şübhəli hallarda dövlət orqanlarına məlumat verməlidirlər. İnsanların kriptovalyutadan əldə etdikləri gəlirləri asanlıqla hesablaya və bəyannamə ilə təqdim edə bilmələri üçün vergi hesabatı sistemi sadələşdirilməlidir. Eyni zamanda vətəndaşlar üçün bu sahənin riskləri, hüquqları və vəzifələri barədə maarifləndirici məlumatlar hazırlanmalı, ictimaiyyətə çatdırılmalıdır.
Kriptovalyutaların sürətlə artan rolu təkcə texnologiya yox, həm də hüquq və vergi sistemləri üçün yeni çağırışlar yaradır. Azərbaycan bu sahədə ilk addımlarını atmağa hazırlaşır və qlobal təcrübələrdən faydalanaraq balanslı və effektiv bir vergi və hüquqi sistem qurmaq mümkündür. Bu, həm vətəndaşların maraqlarını qoruyar, həm də dövlətin iqtisadi sabitliyini təmin edər.