Göz əməliyyatı ilə bağlı cinayət işi: hüquqi aspektlər
- Jul 17
- 2 min read
Mətbuatda və sosial şəbəkələrdə məşhur oftalmoloq Cahid Şahbazov ilə bağlı müzakirələr geniş vüsət alıb. Belə ki, vətəndaş Humay Əliyeva bir müddət əvvəl tanınmış oftalmoloq tərəfindən əməliyyat olunduğunu və bu əməliyyatdan sonra görmə qabiliyyətini itirdiyini iddia edib. Onun sözlərinə görə, baş vermiş tibbi müdaxilə nəticəsində gözündə daimi korluq yaranıb.

Məsələ ictimailəşdirildikdən sonra prokurorluq orqanları tərəfindən hüquqi qiymət verilməsi məqsədilə araşdırmalara başlanılıb. Məlumata görə, Səbail rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) cinayət işi başlanılıb.
Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə əsasən, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olması cinayət məsuliyyəti yaradır. Bu maddə çərçivəsində əsas hüquqi elementlər aşağıdakılardır:
• Vəzifəli şəxsin qulluq səlahiyyətlərinə səhlənkar yanaşması;
• Bu hərəkətin ağır nəticələrə, o cümlədən sağlamlığa ciddi zərər vurulmasına səbəb olması.
Humay Əliyevanın gözündə funksional zərərin olması və bunun tibbi ekspertiza ilə təsdiqlənməsi “ağır nəticə” kriteriyasına uyğun hesab edilə bilər. Bu baxımdan, ekspert rəyinin hüquqi prosesdə mühüm sübut qismində çıxış etdiyi vurğulanmalıdır.
Oftalmoloqun vəkilinin açıqlamasına əsasən, hazırda yalnız fakt üzrə cinayət işi başlanılıb, lakin Cahid Şahbazov cinayət məsuliyyətinə cəlb olunmayıb. Bu, istintaqın ilkin mərhələdə olduğunu və hələlik şəxsin statusunun şahid və ya digər prosessual şəxs qismində qiymətləndirildiyini göstərir. Hüquqi presumpsiyalara görə, cinayət məsuliyyəti yalnız kifayət qədər əsaslı sübutlar əsasında irəli sürülə bilər. Hazırkı mərhələdə şəxsə qarşı ittiham irəli sürülmədiyi üçün onun təqsirli hesab edilməsi mümkün deyil.
Bəs əgər doktor məhkəmənin hökmü ilə təqsirli hesab edilərsə onu hansı cəzalar gözləyir? Belə ki, işin hallarından asılı olaraq min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzaları ilə üzləşə bilər.
Maraqlıdır ki, hadisənin ictimailəşməsi daha çox sosial şəbəkələr vasitəsilə baş verib. Bu isə bəzi hallarda ictimai rəydə təqsirlilik haqqında fikir formalaşmasına səbəb olur. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
Bu kontekstdə həkimə qarşı səsləndirilən ağır ittihamların hüquqi sübutlarla əsaslandırılması vacibdir. Əks halda, yayılan informasiyalar və fikirlər böhtan xarakteri daşıya bilər və qarşı tərəfə hüquqi cavab tədbirləri görmək imkanı yaradır.
Hazırda istintaq davam edir və araşdırmanın nəticələri əsasında işin hüquqi taleyi müəyyənləşəcək. Bu hadisə bir daha göstərir ki, həm səhiyyə, həm hüquq sistemi, həm də cəmiyyət bu cür həssas məsələlərdə ehtiyatlı, obyektiv və qanuna əsaslanaraq mövqe sərgiləməlidir.
_3x%20(1)_edited_edited.png)


