Dövlət Turizm Agentliyində xidməti məlumatların yayılması: hüquqi məsuliyyət və nəticələri
- Mar 6
- 2 min read
Son günlər mətbuatda Dövlət Turizm Agentliyinin fəaliyyətində yol verilmiş mümkün hüquq pozuntuları ilə bağlı müxtəlif məlumatlar yayılıb. İddialara görə, qurumun bəzi vəzifəli şəxsləri xidməti məlumatları kənar şəxslərə, hətta xarici ölkələrin diplomatik nümayəndəliklərinə ötürüblər. Bu cür hallar baş verdiyi təqdirdə, onların hüquqi nəticələri ciddi ola bilər və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məsuliyyət yarada bilər. Hüquq Araşdırma Bürosu (HAB) olaraq sözügedən məsələnin hüquqi aspektlərinə nəzər salacağıq.

Məlumatların icazəsiz ötürülməsi ilk növbədə Cinayət Məcəlləsinin 202.2-ci maddəsinin (sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri olan məlumatların yayılması və ya istifadə edilməsi, külli miqdarda ziyan vurmaqla törədildikdə) təsiri altına düşə bilər. Əgər müəyyən edilərsə ki, bu cür məlumatların yayılması nəticəsində kommersiya və ya digər əhəmiyyətli maraqlara ciddi ziyan dəyib, həmin şəxslər iki ilədək azadlıqdan məhrumetmə cəzası ala bilərlər.
Digər tərəfdən, vəzifəli şəxsin öz səlahiyyətlərini aşaraq xidməti məlumatları yayması Cinayət Məcəlləsinin 309-cu maddəsi (vəzifə səlahiyyətlərini aşma) ilə tövsif oluna bilər. Bu maddəyə əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətin və ya vətəndaşların qanuni mənafelərinə ziyan vurulması üç ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Daha ağır hüquqi nəticələr isə məlumatların dövlət sirri təşkil etdiyi hallarda yarana bilər. Əgər istintaq prosesində həmin məlumatların dövlət sirri olduğu və onların yayılmasının milli təhlükəsizliyə təhdid yaratdığı müəyyən edilərsə, bu, Cinayət Məcəlləsinin 284-cü maddəsi (dövlət sirrini yayma) ilə cinayət məsuliyyəti yaradır və bu əməlin cəzası səkkiz ilədək azadlıqdan məhrumetmə ola bilər. Əgər dövlət sirrinin yayılması ilə yanaşı, dövlətə xəyanət əlamətləri də aşkar edilərsə, məsuliyyət daha da ağırlaşır və şəxs Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) üzrə 12 ildən 20 ilədək həbs cəzası ala bilər.
Qeyd edək ki, Prezidentin sərəncamı ilə Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev şiddətli töhmət alıb. Mediada yayılan məlumatlara görə, Agentliyin bəzi əməkdaşları dövlət qurumları arasında aparılan daxili yazışmaları belə kənar şəxslərə ötürüblər. Hazırda bu məsələnin hüquqi müstəvidə araşdırılıb-araşdırılmadığı barədə rəsmi məlumat yoxdur.
Həmçinin bu kimi hallar təsdiqini tapdığı təqdirdə məsul şəxslərə qarşı cinayət işinin açılması mümkündür. Dövlət orqanlarında informasiya təhlükəsizliyinin gücləndirilməsi və məxfi məlumatların qorunması istiqamətində nəzarət mexanizmlərinin sərtləşdirilməsi bu cür risklərin qarşısını almaq üçün vacibdir.