Britney Spears Azərbaycanda olsaydı cəzası nə olardı?
- Oct 29
- 1 min read
Amerikalı məşhur müğənni Britney Spears növbəti dəfə qalmaqallı hadisə ilə gündəmə gəlib. Məlumata görə, o, Los-Ancelesdəki restoranlardan birində axşamı əylənərək keçirdikdən sonra sərxoş vəziyyətdə avtomobil idarə edib. Hadisə paparassilər tərəfindən lentə alınıb və sosial mediada geniş müzakirələrə səbəb olub.

Bu cür hadisə Azərbaycanda baş versəydi, qanunvericiliyə əsasən Britney inzibati məsuliyyət daşıyardı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə görə:
“Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.”
Bu o deməkdir ki, əgər Britney Spears belə bir əməli Azərbaycanda törətsəydi işin hallarından asılı olaraq, o, 400 manat məbləğində cərimə oluna bilərdi və ya sürücülük hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırıla bilərdi.
Sərxoş halda avtomobil idarə etmək təkcə qanun pozuntusu deyil, həm də ictimai təhlükə yaradan ciddi məsələdir. Belə hallar nəticəsində təkcə sürücünün deyil, digər yol hərəkəti iştirakçılarının da həyatı risk altına düşür. Buna görə də Azərbaycanda bu kimi halların qarşısını almaq məqsədilə qanunvericilikdə sərt cəza tədbirləri nəzərdə tutulub.
Britney Spearsin hadisəsi bir daha göstərir ki, ictimai şəxslərin davranışları cəmiyyət üçün nümunəvi olmalıdır. Qlobal miqyasda məşhur olmağın məsuliyyəti yalnız səhnədə deyil, gündəlik həyatda da özünü göstərməlidir.
_3x%20(1)_edited_edited.png)


