top of page

Alimentdən yayınmaq üçün övladından imtina – hüquq necə qiymətləndirir?

  • May 2
  • 2 min read

Son günlərdə sosial şəbəkələrdə və media orqanlarında bloqer Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədovun övladlarından imtina etməsi və aliment ödəməkdən yayınması ilə bağlı yayılan məlumatlar geniş müzakirələrə səbəb olub. Məsələ yalnız ictimai mənəvi çərçivədə deyil, hüquqi müstəvidə də diqqətlə qiymətləndirilməlidir. HAB (Hüquq Araşdırma Bürosu) olaraq bu məsələnin hüquqi aspektlərinə nəzər salacağıq.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə (bundan sonra -Məcəllə) görə valideynin övladından könüllü imtina etməsi anlayışı hüquqi baxımdan tanınmır. Yəni, bir valideynin sadəcə "övladımdan imtina edirəm" deməsi hüquqi nəticə doğurmur. Məcəllənin 65-ci maddəsinə əsasən, valideynlik hüquqlarının məhdudlaşdırılması və ya valideynlik hüquqlarından məhrumetmə yalnız məhkəmə qərarı ilə mümkündür. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, müvafiq icra hakimiyyəti orqanının, prokurorun, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır.  Məcəllənin 64-cü maddəsinin tələblərinə əsasən valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:

  • öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;

  • alimenti qəsdən ödəmədikdə;

  • heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə; 

  • valideynlik hüquqlarından sui-istifadə etdikdə;

  • uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;

  • xroniki alkoqol və narkomaniya xəstəsidirsə;

  • uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə;

  • uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə

Buradan da o nəticəyə gələmək olar ki, məhkəmə tərəfindən yalnız ciddi əsaslarla valideynlik hüququndan məhrumetmə həyata keçirilir – məsələn, uşağın həyatına, sağlamlığına, inkişafına təhlükə törədən hallarda.


Məcəllənin 75-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Aliment öhdəliyi valideynlik hüquqlarından asılı olmayaraq mövcud olur. Yəni, bir şəxs valideynlik hüquqlarından məhrum edilsə belə, aliment ödəmək öhdəliyindən azad olunmur. Belə ki, Məcəllənin 66.2-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər.


Bu kontekstdə Oqtay Əhmədovun aliment vermək istəmədiyi üçün övladlarından imtina etməsi hüquqi baxımdan əsaslı sayıla bilməz. Bu davranış aliment öhdəliyindən yayınmaq cəhdi kimi qiymətləndirilə bilər ki, bu da müvafiq hallarda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq məsuliyyət doğura bilər. Sözügedən maddəyə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə  işin hallarından asılı olaraq fiziki şəxslərə 500 manatdan 1500 manatadək cərimə və ya iki ayadək müddətə inzibati həbs tətbiq oluna bilərAysel Şükürovanın bildirdiyinə görə, məsələ üzrə artıq icra şöbəsinə çağırışlar olub.


Azərbaycan ailə hüququnda və beynəlxalq hüquq normalarında uşaqların maraqları ali prinsip kimi müəyyən olunub. Uşaq hüquqları haqqında BMT Konvensiyasına əsasən, dövlətlər uşaqların valideynləri tərəfindən baxıma və himayəyə ehtiyacı olduğunu təmin etməlidirlər. Valideynin uşağından imtinası uşağın psixoloji və sosial inkişafına mənfi təsir göstərir və bu kimi hallarda müvafiq sosial müdafiə tədbirləri həyata keçirilməlidir.


Bu hadisə bir daha göstərir ki, uşaqların rifahı və hüquqlarının qorunması üçün həm qanunvericilik alətləri, həm də cəmiyyətin mənəvi məsuliyyəti birlikdə işləməlidir.




Müəllif:

HAB-ın üzvü Leyla Təhməzova


 
 
bottom of page