top of page

Ali Məhkəmədən yeni qərar: Mənəvi zərərin ödənilməsi tələbinin davamlılığı

  • 1 day ago
  • 1 min read

Mənəvi zərərin ödənilməsi ilə bağlı iddialar müasir hüquq nəzəriyyəsində və məhkəmə praktikasında xüsusi mübahisə doğuran məsələlərdəndir. Burada əsas sual iddiaçının vəfat etməsinin bu tələbin hüquqi taleyinə təsiridir.

ree

Ali Məhkəmə bu mövzuya aydınlıq gətirib. Onun mövqeyinə görə, iddiaçı qətnamə qəbul edilənə qədər vəfat edərsə, iş üzrə icraata xitam verilə bilər. Lakin qətnamə qəbul edildikdən sonra iddiaçının ölümü işin icraatına maneə yaratmır və mənəvi zərərin ödənilməsi tələbi vərəsələr tərəfindən davam etdirilə bilər.

Mənəvi zərər özü şəxsin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranan zərərdir və ilkin mərhələdə şəxsi hüquq kimi qəbul edilir. Lakin bu tələb hüquqi prosedur əsasında irəli sürüldükdən sonra, yəni iddiaçının məhkəməyə müraciəti və ya yazılı tələb göndərməsi ilə artıq hüquqi baxımdan əmlak xarakteri daşıyır. Bu da mənəvi zərərin ödənilməsi tələbinin şəxsin ölümündən sonra da vərəsələrə keçməsini mümkün edir.

Mülki Məcəllənin 1151.1-ci maddəsi də göstərir ki, miras qoyanın malik olduğu əmlak hüquqları və öhdəlikləri onun vəfatı ilə vərəsələrə keçir. Bu səbəbdən mənəvi zərərin ödənilməsi ilə bağlı iddialar da, əgər tələb müvafiq qaydada irəli sürülübsə, vərəsələr tərəfindən təqib edilə bilər.

Yekun olaraq vurğulamaq lazımdır ki, mənəvi zərərin ödənilməsi tələbi məhkəməyə təqdim edildikdən sonra, bu tələb artıq şəxsə bağlı şəxsi hüquq statusundan çıxaraq, əmlak hüququna çevrilir və iddiaçının vəfatından sonra da hüquqi davamlılığı təmin olunur. Ali Məhkəmənin bu yanaşması mənəvi zərər tələblərinin hüquqi taleyinə aydınlıq gətirməklə, praktikada yaranan müəyyən qeyri-müəyyənlikləri aradan qaldırır.


 
 
bottom of page