top of page

5 manat 4000 manat cəriməyə səbəb oldu

  • Jul 28, 2025
  • 1 min read

Son günlərdə mediada yayılan məlumata əsasən, Bakı şəhərində yerləşən “Gənclik Mall”da fəaliyyət göstərən “Defacto” mağazası məhsulun üzərindəki qiymət və kassadakı satış qiyməti arasındakı uyğunsuzluğa görə Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən cərimə protokolu tərtib edilib. Məlum olub ki, vitrin etiketində 39.99 manat göstərilən geyim məhsulu kassada 44.99 manata satılıb. Bu hal istehlakçının az miqdarda aldadılması kimi qiymətləndirilib və mağaza İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 447.0.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunaraq 4.000 manat məbləğində cərimə olunub.

Bu maddəyə əsasən mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda (beş min manatdan yuxarı olmayan məbləğ) aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.


Sözügdən maddə, xüsusilə istehlakçı hüquqlarının müdafiəsini təmin edən mühüm normativ əsaslardan biridir. Burada məqsəd istehlakçıların satıcı və xidmət göstərən subyektlər tərəfindən bilərəkdən və ya ehtiyatsızlıqla aldadılmasının qarşısını almaqdır.

Bu hal bir daha göstərir ki, kommersiya subyektləri qiymət və etiket məsələlərində yüksək diqqət və məsuliyyət nümayiş etdirməlidir. Qiymətlərin düzgünlüyünün təmin olunması yalnız hüquqi məsuliyyətdən yayınmaq üçün deyil, həm də istehlakçı məmnuniyyəti və etibarının saxlanılması baxımından vacibdir.


İstehlakçılar isə alış-veriş zamanı qiymətlərin uyğunluğuna diqqət yetirməli və hər hansı ziddiyyət aşkar etdikdə bu barədə aidiyyəti orqanlara müraciət etməlidirlər.

 
 
bottom of page