top of page

Ədliyyə orqanlarına qulluğa qəbul: müsabiqə və müsahibə prosesi

  • 3 days ago
  • 3 min read

Azərbaycan Respublikasının Ədliyyə orqanlarına qulluğa qəbul xüsusi seçim prosesi ilə həyata keçirilir. Bu proses "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanun və Prezidentin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən tənzimlənir.

Ədliyyə orqanlarına qulluğa qəbul şəffaf və rəqabətli mühitdə keçirilən müsabiqə və ya müsahibə yolu ilə həyata keçirilir. Prosesin əsas məqsədi namizədlərin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü və vəzifəyə yararlılığını qiymətləndirməkdir.


Vakant vəzifələr yarandıqda mediada və Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində elan verilir. Müraciət edənlərin sənədləri diqqətlə yoxlanılır.


Müsabiqə və müsahibə prosesi üçün Ədliyyə Nazirliyi, Tibb baş idarəsi və Penitensiar xidmətin baş idarəsində 7 nəfərdən ibarət komissiyalar yaradılır. Komissiyanın tərkibi Ədliyyə naziri tərəfindən təsdiq edilir. Komissiya üzvləri 5 il müddətinə təyin olunur və bu müddət bitdikdə yenidən təyin edilə bilərlər. Komissiyanın işində nüfuzlu hüquqşünaslar, alimlər və digər mütəxəssislər iştirak edə bilərlər.


Namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

• Ərizə

• Kadr uçotu şəxsi vərəqəsi

• Tərcümeyi-hal

• Ali təhsil haqqında diplomun təsdiq olunmuş surəti

• Şəxsiyyət vəsiqəsinin surəti

• Əmək kitabçasının surəti

• Sağlamlıq arayışı

• Hərbi biletin surəti

• Ailə tərkibi haqqında arayış

• Fotoşəkillər


Sənədlər natamam və ya qaydalara uyğun olmadıqda qəbul edilmir.


Həmçinin qeyd edək ki, İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə ədliyyə orqanlarında işləməyə qadir olmayan, məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər ədliyyə orqanlarına qulluğa qəbul edilə bilməzlər. Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə qulluğa qəbul edilmirlər.


Müsabiqə iki mərhələdən ibarətdir:

1. İxtisas imtahanı - 100 sualdan ibarət test formasında keçirilir (3 saat müddətində)

  • 80 sual hüququn müxtəlif sahələrinə aid

  • 20 sual ümumi bilik və məntiqi təfəkkürü yoxlamaq üçün

  • Keçid balı - 55 bal


2. Söhbət mərhələsi - İmtahanda uğur qazanan namizədlərlə keçirilir

  • 30 dəqiqə müddətində

  • 5 sual verilir

  • Hər cavab 0-5 bal arasında qiymətləndirilir

  • Keçid balı - 15 bal (ümumi 25 baldan)


Müsabiqədə uğurlu olan namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunurlar.

Böyük (baş ədliyyə müşaviri, ədliyyə polkovniki və tibb xidməti polkovniki istisna olmaqla) və orta xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə şəxslər, bir qayda olaraq, müsabiqə əsasında qəbul edilirlər. Müsabiqə ixtisas imtahanından və söhbətdən ibarətdir. Hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış şəxslər ədliyyə orqanlarına inzibati vəzifəyə qulluğa müsabiqəsiz qəbul edilirlər. Ali hüquq təhsili tələb olunmayan böyük və orta xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə, həmçinin sıravi və kiçik rəis heyəti vəzifələrinə şəxslər müsahibə əsasında qəbul edilirlər.


Müsahibə aşağıdakı hallarda keçirilir:

• Xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrə

• Ədliyyə sistemində inzibati vəzifə tutan işçilər xüsusi rütbəli vəzifəyə keçdikdə

• Dövlət Proqramı ilə xaricdə təhsil alanlar

• 5 il ədliyyədə qulluq etmiş şəxslər

Müsahibə 30 dəqiqə davam edir və 5 sual verilir. Keçid balı 15 baldır (ümumi 25 baldan).

Müsabiqə və müsahibədə uğurlu olan namizədlər ballarına görə sıralanır. Bərabər ballı olanlarda elmi dərəcə, təcrübə, xarici dil bilikləri və kompüter bacarıqları nəzərə alınır. Uğurlu namizədlər vakant vəzifələrə təyin edilir. Ştat vahidlərindən çox namizəd olduqda, qalanlar ehtiyat kadr siyahısına daxil edilir.


Nəticələrdən narazı qalan namizədlər ədliyyə nazirinə şikayət edə və lazım gəldikdə məhkəməyə müraciət edə bilərlər.


Bu proses ədliyyə orqanlarına ixtisaslı və peşəkar kadrların seçilməsini təmin edir şəffaflıq prinsiplərinə uyğun həyata keçirilir.

 
 
bottom of page