Vəsiyyətə etiraz və onun hüquqi əsasları: Azərbaycan qanunvericiliyi kontekstində Ferdi Tayfur məsələsinin təhlili
- May 7
- 4 min read
Son günlər Türkiyə mətbuatında məşhur arabesk musiqiçisi Ferdi Tayfurun vəfatından sonra mirasla bağlı yaranan mübahisə geniş müzakirə olunmaqdadır. Məlumata görə, sənətkarın vəsiyyətində adı keçməyən övladları – Tuğçe Tayfur və Timur Turanbayburt – bu sənədin ləğvi tələbi ilə məhkəməyə müraciət ediblər. Bu hal miras hüququnun və vəsiyyətin hüquqi qüvvəsinin mühüm məsələlərini gündəmə gətirir. Hüquq Araşdırma Bürosu (HAB) olaraq həmin situasiyanı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi kontekstində nəzərdən keçirək.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1166-cı maddəsinə (bundan sonra Məcəllə) əsasən, vəsiyyət fiziki şəxsin ölməsi halında öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilməsidir. Vəsiyyət azad iradə ilə və qanuni formada tərtib edilməlidir. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Vəsiyyətnamədə bir miras qoyanın sərəncamı olmalıdır. Vəsiyyətnamənin iki və ya daha çox şəxs tərəfindən birgə tərtibinə yol verilmir. Yalnız ərlə arvad qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamə tərtib edə bilərlər. Bu vəsiyyətnamə ərin və ya arvadın tələbi ilə, lakin onların hər ikisinin sağlığında ləğv edilə bilər. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.
Qeyd edək ki, Məcəllənin 1220-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər:
· əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə;
· notariat orqanına ərizə verməklə;
· Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə.
Məcəllənin 1225-cı maddəsinə əsasən, Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər.
Azərbaycan qanunvericiliyinə görə, vəsiyyətlə bütün əmlak başqa şəxslərə verilə bilər, lakin qanunla qorunan "məcburi varislərin" müəyyən pay hüququ saxlanılır. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
Əgər Ferdi Tayfurun övladları Tuğçe və Timur Azərbaycanda olsaydılar, vəsiyyətdə qeyd edilməmələri onların miras hüququnun tamamilə itirilməsi mənasına gəlməzdi. Onlar məhkəməyə müraciət edərək ya vəsiyyətin etibarsız sayılmasını, ya da məcburi pay hüququnun tanınmasını tələb edə bilərdilər. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.
Məcəllənin 1203-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda yəni onun ləyaqətsiz vərəsə olduğu halda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Bunun üçün isə vərəsə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Yəni vəsiyyət edən şəxs istədiyi şəxsi vəsiyyətnamədən çıxara bilər. Lakin bu şəxs məcburi pay hüququ olan şəxsdirsə (məsələn, azyaşlı övlad, əmək qabiliyyətsiz ər/arvad, valideyn), onda onu sadəcə vəsiyyətnamə adını keçirməməklə tamamilə mirasdan məhrum etmək mümkün deyil. 1203.1-ci maddənin şərhinə görə, yalnız müvafiq əsaslı səbəblər və məhkəmə qiymətləndirməsi ilə bu şəxslər məcburi paydan məhrum edilə bilər.
Yuxarıda qeyd edilənlərdən bu nəticəyə gəlmək olar ki, əgər Ferdi Tayfur qızı və oğlunun mirasdan faydalanmamasını istəyirdisə bunun üçün sağlığında onların ləyaqətsiz vərəsə olmaları ilə bağlı məhkəməyə müraciət etməli idi. Bu iddia yanlız məhkəmə tərəfindən təsdiqləndiyi təqdirdə onun övladları mirasdan məhrum edilə bilərdi.
Ferdi Tayfurun mirası ilə bağlı yaranan bu mübahisə vəsiyyət hüququnun yalnız şəxsi iradə aktı olmadığını, həm də sosial məsuliyyət və qanunla müəyyən edilmiş hüquq çərçivəsində reallaşmalı olduğunu göstərir. Azərbaycan qanunvericiliyi də bu məsələni geniş tənzimləyir və mirasda ədalətin və balansın qorunmasını təmin etməyə çalışır. Vəsiyyətə etiraz hüququ və məcburi varislik institutları hüququn ailə münasibətlərində də sabitliyi qorumaq funksiyasını yerinə yetirir.
Qeyd edək ki, bir müddət əvvəl F.Tayfurun yarımadası, körfəzi və 86 mənzili olduğu açıqlanmışdı. Mərhum sənətçinin ümumi 3 milyard lirə dəyərində sərvəti var.
Müəllif:
HAB-ın üzvü Leyla Təhməzova