top of page
Search

Vəkil olmaq üçün nə etməliyik??

  • 7 days ago
  • 5 min read

Vəkil peşəsi cəmiyyətdə hüququn aliliyini təmin edən və insanlara hüquqi dəstək göstərən ən məsuliyyətli peşələrdən biridir. Azərbaycanda vəkil olmaq üçün bir sıra tələblər və mərhələlər mövcuddur. Bu yazıda vəkil olmaq istəyənlər üçün bütün mərhələləri sadə və başa düşülən şəkildə izah edəcəyik.


 




Əvvəlcə öyrənək ki,vəkil kimdir?

Vəkil – hüquqi bilik və təcrübəyə malik olan, insanların hüquq və azadlıqlarını qoruyan, məhkəmələrdə və digər dövlət qurumlarında onları təmsil edən hüquqşünasdır. Vəkillər hüququn aliliyini təmin etmək və ədalətin bərqərar olmasına kömək etmək kimi məsuliyyətli və vacib bir missiyanı yerinə yetirirlər.


Vəkillər Kollegiyası nədir?

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası – ölkədə fəaliyyət göstərən vəkilləri birləşdirən peşəkar təşkilatdır. Kollegiya vəkillik fəaliyyətini tənzimləyir, vəkillərin hüquqlarını müdafiə edir və vəkil olmaq istəyən şəxslərin imtahan, təlim və qeydiyyat proseslərini təşkil edir.


Azərbaycanda vəkil olmaq üçün əsas şərtlər hansılardır?

Vəkil olmaq istəyən şəxslər aşağıdakı tələblərə cavab verməlidirlər:

•Ali hüquq təhsili (hüquq fakültəsini bitirmək);

• Hüquqşünas kimi azı 3 il iş stajı və ya hüquq sahəsində 3 il elmi/pedaqoji fəaliyyət;

•Vəkillər Kollegiyasının təşkil etdiyi yazılı test və şifahi müsahibədən keçmək;

• Kollegiyanın təşkil etdiyi icbari təlimi uğurla başa vurmaq.

 

Kimlər vəkil ola bilməz?

Aşağıdakı şəxslərin vəkil kimi fəaliyyətinə icazə verilmir:

•İkili vətəndaşlığı və ya xarici dövlətdən öhdəliyi olanlar;

•Fəaliyyət qabiliyyətsiz və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunanlar;

•Əqli qüsurları olan şəxslər;

•Qəsdən törədilmiş cinayətə görə məhkum olunanlar;

•Tibbi xarakterli məcburi tədbir tətbiq olunmuş şəxslər.

 

Kimlər imtahan mərhələsindən azaddır?

Aşağıdakı şəxslər müəyyən mərhələlərdən azaddırlar:

• Əvvəllər vəkil və ya hakim olmuş şəxslər – yalnız şifahi müsahibədən keçirlər;

• Hüquq elmləri doktorları, keçmiş Konstitusiya Məhkəməsi hakimləri və yüksək vəzifəli məhkəmə sədrləri – heç bir mərhələdən keçmədən vəkil ola bilərlər.

 

Vəkil olmaq üçün imtahan necə təşkil olunur?

İmtahan iki mərhələdən ibarətdir:

1.Yazılı test – hüquqi biliklərin yoxlanılması;

2.Şifahi müsahibə – hüquq bilikləri, məntiqi düşünmə qabiliyyəti, ümumi dünyagörüşü və əvvəlki iş təcrübəsini üzrə qiymətləndirmə.


Yazılı test imtahanına necə müraciət etmək olar?

Yazılı test mərhələsində iştirak etmək üçün sənədlər elektron formada Vəkillər Kollegiyasının rəsmi saytından təqdim olunur. . Yazılı imtahanın sual vərəqəsi 100 sualdan ibarət olur və imtahan 3 saat müddətində keçirilir. . Hər bir imtahan sualına düzgün cavab 1 (bir) balla qiymətləndirilir (cəmi 100 mümkün bal). Səhv cavablar və ya sualın cavabsız qoyulması “0” bala bərabər tutulur. Yazılı imtahanın yekununa görə 60 (altmış) və ya daha çox bal toplamış namizədlər imtahanın ikinci mərhələsinə - şifahi müsahibəyə buraxılırlar.


Şifahi müsahibəyə keçənlər hansı sənədləri təqdim etməlidirlər?

Aşağıdakı sənədlər tələb olunur:

•Rəsmi ərizə (kollegiyanın forması ilə);

•Test nəticəsini göstərən sənəd;

•Şəxsiyyət vəsiqəsinin notarial surəti;

•Diplom və əmək kitabçasının notarial surəti;

•Əqli sağlamlıq barədə tibbi arayış və rəy;

•3x4 və 4x6 sm ölçülü 4 ədəd foto;

•Kadrların şəxsi məlumat vərəqəsi və tərcümeyi hal (A3 formatda).

Yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. . Müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə naməzədlərə qabaqcadan məlumat verilir. Hər bir naməzədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. Komissiyanın qərarı ilə şifahi müsahibə videokonfrans formatında keçirilə bilər. Qeyd edək ki,  ixtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra bir il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz.


İcbari təlim nədir və kimlər üçün nəzərdə tutulub?

Test və müsahibə mərhələlərini uğurla keçən şəxslər Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsi tərəfindən təşkil olunan təlim kursuna qatılırlar. Bu təlimdə hüquqi biliklər praktiki bacarıqlarla möhkəmləndirilir. Komissiya müsahibədə cavabları “məqbul” qiymətləndirilən namizədlərin vəkil peşəsinə yararlılığını müəyyən etdikdə, bu barədə yazılı rəy tərtib edilir və həmin rəy Komissiyanın sədri tərəfindən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edilir. Komissiyanın rəyi ilə cavabları “məqbul” qiymətləndirilən namizədlər Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsində icbari təlimə buraxılırlar. Vəkillər Kollegiyasının Rəyasət Heyəti ilə Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsinin birgə müəyyənləşdiridiyi iki hüquqşünas alim tərəfindən vəkilliyə namizədlərin icbari təlimin yekunu üzrə bilikləri qiymətləndirilir. Biliklərin qiymətləndirilməsi icbari təlim ərzində keçirilmiş mövzular üzrəhəyata keçirilir. İcbari təlimi müvəffəqiyyətlə bitirə bilməyən namizəd 6 aydan sonra təkrar təlimə cəlb edilir.

Müsahibənin nəticələrinə dair Komissiyanın qərarından narazı olan namizədlər qərarın elan olunduğu gündən 5 (beş) gün müddətində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə şikayət verə bilərlər. Həmin şikayətə Rəyasət Heyətinin iclasında baxılır və sonuncuya müvafiq cavab verilir. cbari təlim mərhələsini müvəffəqiyyətlə keçmiş dövlət qulluğunda olan vəkilliyə namizəd özünün müraciəti əsasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin müəyyən etdiyi müddətdən gec olmamaqla dövlət qulluğundan azad olunaraq vəkil andını içir. Vəkillər Kollegiyası Rəyasət Heyətinin müəyyən etdiyi müddət ərzində and içməyən vəkilliyə namizədin imtahanının nəticələri Rəyasət Heyətinin qərarı ilə ləğv olunur.

 

İmtahanın ödənişi nə qədərdir?

•Ümumi ödəniş: 300 manat

•Şəhid ailələri, müharibə veteranları, Çernobıl hadisəsi ilə bağlı xəstəliyi olanlar üçün: 150 manat

•Əvvəllər vəkil və ya hakim olmuş şəxslər üçün şifahi müsahibə mərhələsinin ödənişi: 150 manat

 

İmtahanda hansı qanunvericilik aktları əsas götürülür?

Aşağıdakı qanunlar və məcəllələr imtahanda əsasdır:

Azərbaycan Respublikasının Konstitusiyası, Mülki, Mülki Prosessual, Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar, Ailə, Əmək və Cəzaların İcrası məcəllələri, həmçinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” qanunlar.

Mənzil, Şəhərsalma və Tikinti, Vergi, Torpaq və Seçki məcəllələri, “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, “Mediasiya haqqında”, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası, “İcra haqqında” Qanun, “Notariat haqqında” Qanun, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun, “Məhkəmə-Hüquq Şurası haqqında” Qanun, “Prokurorluq haqqında” Qanun, “Polis haqqında” Qanun, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun və “İnzibati icraat haqqında” Qanun.


Əgər vəkil olmaq istəyirsinizsə, yuxarıda qeyd olunan tələbləri diqqətlə oxuyun, sənədlərinizi vaxtında hazırlayın və imtahanlara ciddi hazırlaşın. Hüququn keşiyində dayanmaq və insanlara yardım etmək bu peşənin əsas mahiyyətidir və bütün zəhmətə dəyər.

 

Vəkil olmaq istəyənlər üçün imtahan mərhələsində suallarla daha yaxşı hazırlıq aparmaq vacibdir. Bu məqsədlə aşağıda imtahanın yazılı və şifahi mərhələlərində qarşılaşa biləcəyiniz bəzi nümunə sualları təqdim edirik.

 

Yazılı test imtahanı üçün sual nümunələri:

1. Cinayət Məcəlləsinin 143-cü ("təhlükədə qoyma") maddəsinə əsasən, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma müəyyən şərtlər daxilində cinayət məsuliyyətinə səbəb olur. Aşağıdakılardan hansı həmin şərtlərə aid deyildir?

A) Köməksiz qoyanın tibb işçisi olması

B) Köməksiz qoyanın zərərçəkmiş şəxsə kömək göstərmək imkanının olmaması

C) Köməksiz qoyanın özünün zərərçəkmiş şəxsi onun həyat və sağlamlığı üçün təhlükəli vəziyyətə salması

D) Həmin şəxsi köməksi qoyanın onun qayğısına qalmalı olması

 

2. Hüquqi şəxsin hüquq qabiliyyəti nə vaxtdan yaranır?

A) Dövlət qeydiyyatına alındığı vaxtdan

B) Bankda hesablaşma hesabının açıldığı vaxtdan

C) Onun yaradılması barədə təsis sənədlərinin imzalandığı vaxtdan

D) Nizamnaməsinin qəbul edildiyi vaxtdan

 

3. Aşağıdakılardan kimlərə heç bir halda ictimai işlər növündə inzibati tənbeh tətbiq edilə bilməz?

A) Hərbi qulluqçulara

B) Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına

C) 18 yaşına çatmayan şəxslərə

D) Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə

 

4. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, təcili elan olunan qanun layihəsi qəbul edildikdən sonra hansı müddətdə imzalanmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim edilir?

A) 24 saat ərzində

B) 6 saat müddətində

C) 48 saat ərzində

D) 3 gün müddətində

 

Şifahi müsahibə üçün sual nümunələri:

1.Əqdlərin etibarsızlığı deyildikdə nə başa düşülür? Mübahisə edilən və əhəmiyyətsiz əqdlər barədə məlumat verin.

2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti barədə məlumat verin.

3.Cinayətlərin residivi hansı hallarda təhlükəli sayılır?

4. COP 29-un müzakirə etdiyi əsas məsələlərdən hansılarını qeyd edə bilərsiniz və bunların hüquq və beynəlxalq münasibətlər sahəsindəki əhəmiyyətini necə qiymətləndirirsiniz?



Müəllif:

HAB-ın üzvü Leyla Təhməzova

 

 
 
bottom of page