Qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən suistifadə – gömrük kapitanının cinayət işi
- Apr 10
- 2 min read
Son günlərdə ölkə mediasında geniş müzakirə olunan cinayət işlərindən biri Dövlət Gömrük Komitəsinin əməkdaşı Əfsər Mirzəliyevlə bağlıdır. Məlum olub ki, o, ölkəyə qaçaqmalçılıq yolu ilə ümumi dəyəri 461 min manat olan 41 ədəd qızıl külçə keçirməyə cəhd edib. Bu hadisə hüquqi baxımdan bir sıra ciddi cinayət əlamətləri daşıyır və istintaqın nəticəsində artıq iş məhkəməyə göndərilib.

Əfsər Mirzəliyev Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində böyük inspektor vəzifəsində çalışıb. İttihama görə, o, vətəndaş Səfərov Səfərlə qabaqcadan əlbir olaraq, İstanbuldan Bakıya aviareysi ilə gələn Səfərin üzərindəki 3.145 qram (yəni 41 ədəd) qızıl külçənin gömrükdən keçirilməsində köməklik göstərib. Bu da qanunla müəyyən olunmuş gömrük qaydalarının pozulması deməkdir.
Bu əmələ görə hər iki şəxsə Cinayət Məcəlləsinin (CM) 206-cı maddəsi üzrə ittiham elan edilib. Səfər Səfərova CM -in 206.3.2, Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü maddələri ilə ittiham elan edilib, barələrində həbs qətimkan tədbiri seçilib.
CM 206.3.2 – Qaçaqmalçılığın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi;
CM 206.3.3 – Qaçaqmalçılığın vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə törədilməsi.
Bu maddələr olduqca ciddi cinayətlər sayılır və qanuna əsasən, ittihamlar sübuta yetirilərsə, təqsirləndirilən şəxsləri 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qaçaqmalçılıq dedikdə CM-ə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər (Narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorların, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələr və qurğular, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materiallar və avadanlıqlar, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammal, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyalar) istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi başa düşülür.
Xüsusilə də bu əməldə vəzifəli şəxsin iştirak etməsi vəziyyəti daha da ağırlaşdırır, çünki dövlət qulluqçusunun etimadı pozulmuş olur.
Bu hadisə bir daha göstərir ki, vəzifədən sui-istifadə etməklə törədilən cinayətlər, xüsusilə də gömrük və iqtisadi təhlükəsizlik sahəsində olan pozuntular çox ciddi hüquqi məsuliyyət yaradır. Həm dövlət qulluqçuları, həm də vətəndaşlar bilməlidirlər ki, bu cür qanunsuz əməllər gec-tez hüquqi qiymətini alır və cəzasız qalmır.