Maaş gecikməsi ilə bağlı hüquqi aspektlər
- May 8
- 2 min read
Son zamanlar bir sıra müəssisələrdə əmək haqlarının verilməməsi və ya gec verilməsi xəbərləri gündəmdədir. Əmək münasibətlərinin əsas elementi işçinin əməyinə görə müvafiq haqqın — əmək haqqının vaxtında və tam şəkildə ödənilməsidir. Əmək haqqının gecikdirilməsi halları həm işçi hüquqlarının pozulmasına, həm də əmək münasibətlərində etimadın sarsılmasına səbəb olur. Hüquq Araşdırma Bürosu (HAB) olaraq əmək haqqının gecikdirilməsi ilə bağlı mövcud hüquqi tənzimləmələr, işəgötürənin məsuliyyəti və işçinin müdafiə mexanizmləri təhlil edəcəyik.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra-Məcəllə) əmək haqqına belə anlayış verir əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məcəllənin 9-cu maddəsinə əsasən işçilərin əsas hüquqları sırasında qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq yer tutur. 172-ci maddəsinə əsasən, Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək haqqının gecikdirilməsi işəgötürən üçün hüquqi məsuliyyət yaradır. Eyni zamanda, həmin maddəyə görə, Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Gecikmə dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
Misal üçün, əgər işçiyə ödənilməli olan əmə khaqqı 500 manatdırsa və bu məbləğ 10 gün gecikdirilirsə, işəgötürən ən azı 50 manat məbləğində əlavə ödənc ödəməlidir.
Əmək haqqı gecikdirildikdə işçinin bir neçə hüquqi müdafiə vasitəsi mövcuddur:
- Əmək Müfəttişliyi vəzifəli şəxslərinə müraciət – Azərbaycan Respublikasının Dövlət Əmək Müfəttişliyi əmək hüquqlarının pozulması hallarını araşdırmaq və işəgötürənə qarşı inzibati tədbirlər görmək səlahiyyətinə malikdir. Əmək haqqının gecikdirilməsi ilə əlaqədar işəgötürən inzibati məsuliyyət daşıyır. İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
- Məhkəməyə müraciət – İşçi əmək haqqının ödənilməsi və dəbbə pulunun tutulması tələbi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə, işçinin iddiasını təmin edərsə, gecikdirilmiş əmək haqqı və müvafiq faizlər işəgötürəndən tutulur.
Əmək haqqının vaxtında ödənilməsi işçi hüquqlarının əsas təminatlarından biridir. Gecikdirilmə halları qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət doğurur və işçinin hüquqlarının müdafiəsi üçün müxtəlif hüquqi yollar mövcuddur. Həm işçilər, həm də işəgötürənlər əmək münasibətlərində qanunlara riayət etməklə qarşılıqlı etimadı və əmək intizamını qorumalıdırlar.
Müəllif:
HAB-ın üzvü Leyla Təhməzova